Tarixin “yetim ayağı”

Tarixin “yetim ayağı”
21:07 06-01-2020 | icon 1510

Aqşin Yenisey yazır...

Danışdığımız, düşündüyümüz dil, həqiqətənmi, bizim iradəmizin danışmaq, düşünmək istədiyi dildir? Yəni bütün hallarda istifadə etdiyimiz dili, söz və ifadə səbətini bizmi seçirik?  

“Quş dili bilən Süleyman” məsələsindən yola çıxaraq belə düşünmək olarmı ki, qarşılaşdığımız, maraqlandığımız, ehtiyacımız olan nəsnələr, obyektlər bizi öz dillərində danışmağa vadar edirlər.  

Yəni Süleyman quşu deyil, quş Süleymanı vadar edir ki, onunla danışmaq, ünsiyyət qurmaq istəyirsə, onun dilini öyrənsin. “Lalın dilini anası bilər”, yaxud “filankəsin dilini tapmaq” kimi təcrübədə sınanmış leksik vahidlərin yayğınlığı da, bir növ, təsdiq edirmi ki, dilimiz ünsiyyətdə olduğumuz hadisə və nəsnələrin dilidir?  

Bu yaxınlarda islam, təsəvvüf, təriqətlər kimi qədim mövzuları araşdıran, islam Şərqinin örtülü mənalarını açmağa çalışan semiotik Svetlana Nesterovanın semantik şiddətdən yazdığı yazısını oxuyanda bu cür yazıların müharibə aparan bir ölkə olaraq bizə nə qədər lazım olduğunu düşündüm və yadıma Viktor Klempererin “Nasional sosializmin dili” kitabı düşdü.  

Hitlerin zülmünə düçar olsa da, arvadının alman olması hesabına sağ qalan yəhudi Klemperer bu kitabda iddia edir ki, faşist Almaniyasının təsir gücü nə onun hərb sənayesindəki inkişafında, nə heyrət ediləcək dərəcədə əməl olunan əsgəri intizamda, nə yəhudilərə bəslənən milli nifrət hissində idi.  

Bu güc faşizmin dilində gizlənmişdi.  

Bu dil o qədər nüfuzedici təsir gücünə mailk idi ki, nəinki sıravi almanları qədim Roma əsgərlərinə çevirmişdi, hətta Haydegger kimi bir filosofu da “nasional sosialzmin” heyranı etmişdi. 

“Nasizm insanların ətinə və qanına” kəlmə-kəlmə, ifadə-ifadə, cümlə formalarıyla girir, milyon dəfələrə təkrarlanaraq özünü yeridirdi. Bu dil nasizm ideyalarının mekaniki və şüursuz şəkildə mənimsənilməsinə yol açırdı”.  

Klempererin dediyindən aydın olur ki, Hitler alman xalqının alt şüurunda iş görürdü və buraya gedən yol dilin mövhumatına dalmaqdan keçirdi. Lider və xalqın görüş yeri alt şüurdur ki, Hitler bunu bilirdi.  

Nasizim dil vasitəsilə alman xalqının alt şüurunda ideoloji bir mövhumat yaratmışdı. Beyninə elektrod yerləşdirilmış meymunlar ötürülən elektrikə uyğun necə hərəkət edirlərsə, sıravi almanlar da Hitlerin beyinlərinə yerləşdirdiyi nasizm dili ilə o cür idarə olunurdular.  

Svetlana Nesterova da semantik şiddətdən yazdığı yazıda, aşağı-yuxarı eyni şeyi deyir. Müharibə aparan bir ölkə əvvəlcə müharibənin dilini öyrənməlidir. Əgər cəbhədə üz-üzə dayanmış iki xalqdan biri bu dili bilmirsə, uduzan tərəf olacaq. Semiotik yazır ki, müharibə dilinin ilk işi yaradıcı bir ehtirasla sıravi beyinlərdə düşmən obrazını yaratmaqdır. Bu obraz o qədər canlı olmalıdır ki, hər kəs onu özününküləşdirib şəxsi düşməni kimi görə bilsin. 

Məsələn, din öz düşmənlərini kafirləşdirir, şeytanlaşdırır, hətta şeytanı bir varlıq kimi şəkilləndirir ki, onun necə murdar bir varlıq olduğunu hər kəs görsün. Və bu ad – Şeytan – hansısa insana ünvanlandıqda inanclı olan hər kəs ona, ən azı, lənət oxuyaraq sözlə xəsarət yetirməyə çalışır. Yaxud ermənilər türkdən özlərinə belə bir obraz yarada biliblər. Müharibə olmasa belə erməni xəyalındakı türk obrazına hər an nifrət edir və şərait yaranan kimi türkü öldürmək onun üçün bir qəhrəmanlıq bayramına çevrilir. Bizim gizlinimizdə belə bir düşmən obrazı yoxdur. Bizə qan udduran heç bir xalqın düşmən obrazını xəyalımızda konkretləşdirməmişik.  

Nesterova yazır ki, dil, sadəcə, ünsiyyət vasitəsi deyil, eyni zamanda ünsiyyətin məhsuludur. Yəni ünsiyyət zamanı dil həm də özü-özünü yenidən yaradır. Dilin bəhs etdiyi göstərgəni öz gerçəkliyindən tamamilə uzaqlaşdırıb onu özünə özgələşdirəcək qədər yaradıcı imkanları vardır.  

Müharibə propaqandası dilin bu xassəsindən yararlanır. Biz dilin bu xassəsini özümüzün müharibədəki yazıq, məzlum obrazımızı yaratmaq üçün istifadə edirik. Özümüzü olduğumuzdan daha çarəsiz, daha zəif göstərməklə, sanki, kimlərinsə bizə yazığı gəlməsini istəyirik. Dildəki məzlum obrazımız bizə tarixə aydın gözlə baxmağa imkan vermir.  

Dilimiz tarixin özünü bizim üçün düşmən şəklində obrazlaşdırıb. Ona görə də biz tarixdən çox, taleyi özümüzünkü bilirik və tarixdən qaçıb taleyə sığınırıq. Biz öz dilimizi o bizi aciz kimi ifadə edəndə daha yaxşı başa düşürük.  

Məsələn, mən bir hekayədə dilimizin “başqalaşdırma” imkanlarından istifadə edib düşmən erməni obrazı yaratmağa cəhd etsəm, məni tarixi acizliyimizin ekstazında olan özümüzkülər millətçilikdə, antihumanizmdə zadda suçlayacaqlar. Çünki Bayatıdan əmələgələnlər başqa çür düşünə də bilməzlər. Bayatı bizim müharibələrlə ünsiyyətdə olduğumuz dilin məhsuludur. Biz Bayatıda nə işlə məşğuluq? Saçımızı-başımızı yolub ahu-fəğan etməklə. Klempererə görə, bizim şüursuz və mexaniki əməl etdiyimiz şey Bayatıdan eşitdiklərimizdir. Faşist Almaniyasında bu rolu nasizmin major dili oynayırdı. Bayatı bizim tarixə minor münasibətimizdir.  

Qədim Roma ruhunu oyadan faşizmin dili sıravi almanı tarixin zirvəsinə qaldırır, yəhudini isə taleyin küncünə sıxışdırır. Bax, hocam, Bayatı da bizi məhkum edildiyimiz taleyin küncündən çıxmağa qoymur. Xərçəng xəstəliyi kimi irsi yolla bütün ədəbiyyatımıza keçir. Şerimizin, nəsrimizin ən sevilən, türklər demiş, ən canalan yeri onun “yetim ayağı” olan misrası, cümləsidir, yəni rudmentar şəkildə üzə çıxan “Bayatı” sızıltısı. 

“Yetim ayağı” ifadəsi bizim tarixə verdiyimiz reaksiyanın, dilçi alimlərin yazdığı kimi, linqvistik və morfoloji təzahürüdür. Biz tarixlə ünsiyyətdə emosional tərəfik. Bizə elə gəlir ki, ağlamaq varlığın xeyrinədi. Tarixlə qarşıdurmadan “bayatı” ritmi, avazı ilə çıxmaq və bunu gələcək nəsillərə ötürmək milli bir səhvdir. Mövcudluğumuzu, heç olmasa, göz yaşları ilə təsdiqləmək cəhdidir.  

Yazmaq istəmirəm ki, Qarabağın Azərbaycan xəritəsində yara kimi göstərilməsinin səbəbi muğamın, bayatının vətəni olmasıdır, ancaq “muğam və məğlubiyyət” arasında psixo-analitik düşüncələrə dalmaqdan da özümü saxlaya bilmirəm. 

Bizim bu gün istifadə etdiyimiz dil bizi tarixə uduzduran dildir. Bu dildə konkretliyi ifadə edən “qara kvadratlar” yoxdu. Bu dil cəsur həmlələrdə iştirak edib yeni mənalar yaratmır, köhnə mənaları (mirası) xərcləyib ömürünü başdansovdu yola verən fərsiz oğulu xatırladır.  

Tarix ancaq dil vasitəsilə qana keçir. Viktor Klemperer “Nasional Sosializmin dili” kitabını, sanki, bizim üçün yazıb; faşizmin dili öz məğlubiyyəti ilə barışmayanların dilidir! 

Bizim bu gün yazdığımız, oxuduğumuz dil ilə tarixdə axı nəyə nail olmaq olar? Düşünüb-daşınıb dərd etməkdəyəm…