Məcburi köçkün: İşə düzəltmək adı ilə oğlumdan 25 000 manat alıblar

Məcburi köçkün: İşə düzəltmək adı ilə oğlumdan 25 000 manat alıblar
14:52 04-01-2020 | icon 2760

İşdə bir generalın və deputat Mahir Aslanovun da adı hallanır...
 
 
Laçından olan məcburi köçkün Cəbrayılova Raya Novruz qızı Naftalan Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarovadan şikayətçidir.
 
O, Arqument.Az-a deyir ki, Cabbarova onun oğlundan işə düzəltmək adı ilə 25000 manat pul alıb və qaytarmayıb. 
 
O, problemlə bağlı Naftalan rayonuna yeni təyin olunmuş icra başçısı Vüqar Novruzova da müraciət etdiyini deyib: "Laçın rayonundan məcburi köçkün və ağır onkoloji xəstəyəm. Naftalan Rayon İcra Hakimiyyətinin başçısının müavini Cabbarova Afət Hüsü qızı və Naftalan rayon sakini Xudiyeva Yaqut oğlumun etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə ondan 25000 manat pul alıblar, iş düzəlmədiyi halda isə pulu qaytarmırlar. Bu məsələ ilə bağlı lazımı orqanlara dəfələrlə şikayət və müraciətlərimiz olub, ancaq aylardır ki, heç bir əsaslı addım atılmır. Afət xanımın dələduzluğu ilə bağlı hətta işlədiyi Naftalan Rayonu İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısına da müraciət etmişik ki, bəlkə, yeni başçı belə insanların çalışmasına əngəl olar və lazımı tədbir görər. Lakin həmin muraciətimiz də cavabsız qalıb. Mən artıq son çarə olaraq səsimi ictimaiyyətə çatdırmaq yolunu seçdim. Bəlkə, bu səsimə harayıma bir səs verən tapılar”.
 
Raya Novruzova deyir ki, şəxsən Afət Cabbarovanın qəbulunda olsa da, o, pul aldığını təkzib edib: "Bir müddət sonra tam dəqiq aydın olanda ki, işə düzəltmə söhbəti tam yalan və dələduzluq imiş və verilən pul da artıq bu şəxslər tərəfindən geri qaytarılmır, mən özüm Afət xanımın qəbuluna yollandım. Mənimlə söhbətində bu xanım heç bir ittihamı qəbul etmədi və sanki belə bir hadisənin olmadığını təkidlə bildirdi. Lakin oğlum pulu Yaqut xanımın evində Afət xanım da orada ola-ola pulun ona çatacağı səbəbi ilə Yaqut xanıma verib. Sonradan Afət xanım bütün bunları təkzib etdi və hətta oğlumu polisə verəcəyi ilə hədələdi".
 
Cəbrayılova Raya deyir ki, oğlu Məmizadə Rəvan Əli oğlunun sadəlövhlüyündən və etibarından istifadə etmiş Naftalan rayonu İcra Hakimiyyəti başçısının müavini Cabbarova Afət Hüsü qızı pulu alarkən yüksək vəzifəli polis generalının adından, Xudiyeva Yaqut Rəşid qızı isə xalası oğlu – Goranboy rayonunun deputatı Mahir Aslanovun adından istifadə ediblər.
 
Onlar oğlunun bir qohumunu - Mahmudov Hüsü Əsgər oğlunu guya Dövlət Yol Polisi Xidmətinə bir həftə müddətində işə düzəldəcəkləri barədə söz verib və ondan 25000 AZN pul alıblar.
 
Laçından olan məcburu köçkün hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Yasayış massivində yaşadığını qeyd edir. 
 
Naftalan rayonu İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova isə məlumatı təkzib edib.
 
O,  deyib ki, onun adının bu məsələdə hallanması fəaliyyətinə yönəlik qara piardır: "Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. İş hazırda polisdədir. Nizami Rayon 25-ci Polis Bölməsində iş gedir, onların da izahatları var. Mənə böhtan atırlar, fəaliyyətimə kölgə salmağa çalışırlar. Bununla bağlı bütün lazımi qurumlara da məlumat vermişik".
 
Afət Cabbarova bildirib ki, bu işlə bağlı lazımı sənədləri də mediaya təqdim edə bilər.