Kristina kosmosda rekord vuracaq, biz hələ fişəngi meymunun əlindən ala bilmirik

Kristina kosmosda rekord vuracaq, biz hələ fişəngi meymunun əlindən ala bilmirik
09:14 03-01-2020 | icon 929

Kubra Məhərrəmova yazır...

Əvvəla, Yeni il bayramından sağ çıxan hər kəsə salam.

Niyə sağ çıxan?! Çünki hər addımbaşı bizi gözləyən təhlükəni deyirəm. Şəhərə gəzintiyə çıxmaq sanki minalanmış sahədə yeriməyə bənzəyir. Hansı addımdan sonra partlayış səsi gələcək, adam onu təxmin edə bilmir. Məncə, ən təcrübəli hərbçi belə təxmin edə bilməz.

Birinci xəbərdarlıq.

Çalışın tətil günlərində küçəyə çıxmayasınız, ələlxüsus, əgər körpə uşaqlarınız varsa. Bir də gördün hansısa ağıldankəm, axmaq partlayan pirotexnik vasitəni yandırıb qaçdı. Əgər övladınız yalnız qorxub ağladısa, Allaha şükür edin. Şükür edin ki, axmaq, sırtıq birinin etdiyinə görə uşağın əli-üzü yanmadı.

İndi ha söy, ya söymə, qaçıb getdi.  Baxırsan ki, uzunqulaq boydadır, amma uzunqulağın ağlı yoxdur gədədə. Tutub uzunqulaq kimi çırpsan, onda da polis əmilər gələcək ki, bəs “xalxın” uzunqulağına əl qaldırmısınız. Gedirik bölməyə, izahat yazmağa. Uzunqulağın nəsil-nəcabətin də söyə bilmirsən, çünki yanında uşaq var. Qalırsan kor-peşman.

İkinci xəbərdarlıq.

Qapı-pəncərəni bərk bağlayın. Çünki pirotexniki vasitəni şəhərdə ayaq altına yandırıb atan uzunqulağın atası sizin binada yaşaya bilər. Bir də görürsən, burmabığ dayday gülə-gülə bu zibili yandırıb atır küçəyə. Bakı küləyinə də quzu kəsim, yanan fişəngi pəncərədən salır evə. Bir də görürsən ki, evdəki pərdələr alışıb yanır. İndi gəl, axtar yekə uzunqulağı.

 Məlumat üçün deyim ki, fişənglər alışanda onların yanma istiliyi 1000 dərəcə temperatura çatır.

Üçüncü xəbərdarlıq.

Mütləq övladlarınıza başa salın. Başa salın ki, bu fişənglər və digər pirotexniki vasitələr çox təhlükəlidir. Necə ki, dekabrın 31-də beş nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib: Onlardan ikisi yanıq, üçü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Xəbəri Səhiyyə Nazirliyi verib.

Bundan başqa, adamın ata-anasını da söyürlər. Daha hirsli adamlar adamı salar təpiyinin altına, fişəng gününə salır. Bu, əyləncə vasitəsi deyil.  

Sən demə, qanunla olmaz! Amma şəhər pirotexniki vasitə ilə doludur!

23 dekabr 2003-cü il tarixli, 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, partlayıcı maddə və qurğuların, eləcə də, tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb.

Əla. Deməli, ölkəyə xaricdən iki cüt corab gətirəndə deyirlər ki, qanunla olmaz. Çünki ikinci cüt corab kommersiya məqsədi ilə gətirilib. Vergi ödəməlisiniz. Qardaş, olmaz olmaz da. 36 faizi ödəyib gedirsən.

İndi mənə maraqlıdır. Kilorlarla gətirilən bu pirotexnik vasitələr sərhəddən necə keçir? Necə satılır? Axı iynə deyil ki, paltarına sancıb keçirəsən.

Bütün bu mənzərəyə baxanda düşünürsən ki,  2020-ci ildir. NASA-nın qadın astronavtı Kristina Kuk qadınlar arasında kosmik uçuşa görə rekord vuracaq. Kristina kosmik stansiyada 2019-cu ilin 14 martından uçuş mühəndisi kimi fəaliyyət göstərir. Az qala bir il olacaq. Biz isə hələ fişəngi meymunun əlindən ala bilmirik.  İnsan övladının axmalığıdanmı, nadanlığındanmı, bax onu bilmirəm.