Hər dövrün “yalancı peyğəmbərlərə” ehtiyacı var

Hər dövrün “yalancı peyğəmbərlərə” ehtiyacı var
21:21 02-01-2020 | icon 971

 Aqşin Yenisey yazır... 

Köhnə ilin son günlərində nisbətən modernləşmiş tipik müsəlman ölkəsi olan Türkiyə 2020-ci ildə istehsalına başlayacağı elektriklə işləyən avtomobillərini nümayiş etdirdi. Hətta uğurlu nəticə əldə olunmasa belə bu gün bir müsəlman ölkəsinin ayaqlarına texnologiyanın çəkmələrini geyməsi onu göstərir ki, Hararinin dediyi kimi, insanlığı yaxın yüz ildə yeni bir dünya gözləyir.  

Heyvandarlıqdan əkinçiliyə keçid zamanı insanlar ruhani məskənlərində mifdən tanrıya, sosial mühitdə ritualdan əxlaqa və s. keçərək planetar dəyişikliklərə məruz qaldıqları kimi, neftdən yeni enerji mənbələrinə keçid də bütün sosial-mənəvi təməlləri kökündən dəyişəcək.   

Demək ki, sivilizasiya özünü xilas etmək üçün qırxayaq kimi yalnız irəliyə doğru hərəkət edir, onu geri qaytarmaq yox, ondan sallaşıb ancaq yubatmaq olar. Hətta hadisələr göstərdi ki, bu da mümkün deyil. Çünki müxtəlif çağda inkişafdan ürkən, vahimələnən, bəzən, sadəcə, “yalançı peyğəmbərlik” xatirinə, guya, luddistcəsinə insanlıq adına narahat olub, kinodakı Dədə Qorqud kimi bəşəriyyətin ayağına sərilərək onu irəli getməməyə, çiy ət dövrünə geri qayıtmağa səsləyən müdriklər olsa da, həyat o müdrikləri Alp Aruz kimi ayaqlayaraq öz qorxularının üstünə yürümüşdür.  

Belə müdriklərdən biri də Russodur ki, zamanında öz müasiri Volter onu çox təhqiramiz ifadələrə qonaq edib. Azadlıq naminə yaltaqlıq prinsipi ilə yaşayan, bəlkə də, canlarını yepiskoplardan və monarxlardan bu yolla qoruyan Avropa maarifçilərinin ən öndə gedəni idi Russo. “Azadlıq naminə yaltaqlıq” ifadəsi də daha çox Uil Düranta məxsusdur ki, Russonun həyatı və fikirləri arasındakı ziddiyyəti onun qədər yumor hissinin şiddətinə məruz qoyan olmayıb.  

Ömrü başdan-başa XVIII əsri əhatə edən Russo öz dövrünü nəzərdə tutaraq iddia edirdi ki, insan əxlaqi olaraq keçmişdən bu günəcən bir arşın belə irəliləməyib, əksinə, guya, maarifçilik dövründə belə ibtidai vəhşilik dövrünə qayıdıb. Russo qəbul edirdi ki, insanlıq yalnız elm və sənətin təcrübələrindən yararlanaraq inkişaf edə bilər. Ancaq guya, “elm, sənət və ədəbiyyat insanlığın əllərini bağlayan zəncirləri çiçəklərlə örtmək üçündür. Elm, sənət və ədəbiyyat azad yaşamaq üçün doğulan insanların damarlarında axan azadlıq duyğusunu söndürür. Onlara köləlik həyatını sevdirir”.  

Dürant yazır ki, Russo bu cür duyğu zəliliyi edib dul zadəgan xanımların əllərini və pullarını somura-somura dünyaya iki yüzə yaxın uşaq gətirmişdi və yetimlər evində böyüyən o uşaqların heç biri heç vaxt atalarının kim olduğunu bilmədilər.   

Dürantdan fərqli olaraq, mən fikir adamlarının yalnız fikir müstəvisində müzakirə olunmasının tərəfdarıyam. Məsələn, Russo yuxarıda ondan gətirdiyimiz sitatda “azad yaşamaq üçün doğulan insanların” deyə bir təsbit icad edir. Bunu nəyə əsasən söyləyir? Hardan bilir ki, insan azad doğulur? Hansı təcrübə insanın azad doğulduğunu təsdiqləyib? Dini xurafatdan başqa insanın “dünya əşrəfi” olduğunu söyləyən bir mənbə varmı? Və “Əşrəf” dediyi dünya insanını din qədər istismar edən bir qüvvə varmı? Bu cür göydəndüşmə fikirlərlə elm, sənət, ədəbiyyat haqqında fikir söyləməkdə Russo və onun kimilərinin məqsədi nədir? Məsələn, Russo “elm, ədəbiyyat, sənət insanlara köləliyi sevdirir” dediyi bir dövrdə elm, sənət və ədəbiyyat insan azadlığı uğurunda hansı qurbanları vermişdi, gəlin xatırlayaq: Mən Russo ilə eyni əsrdə yaşamış yalnız bir elm adamının aqibətindən danışacağam – Antuan Loran Lavuaze.  

Bu kimyaçı alim öz dövrünün göydəndüşmə fikirlərlə silahlanmış boşboğazlarını göstərərək “Bu kəllələr bir işə yaramaz” dediyi üçün həbs olunur və giyotin ilə edam edilir. Edama gedərkən məşhur riyaziyyatçı Laqranja deyir ki, başım kəsilib səbətə düşəndə gözlərimə baxarsan, əgər iki dəfə göz qırpsam, bu o deməkdir ki, insanın başı kəsiləndən sonra da bir müddət düşünməyə davam edir. Lavuazenin kəsik başındakı gözləri həqiqətən də iki dəfə qırpılır və Laqraj: “onun ölüm anındakı bu isbatı elmin yüz illərlə davam edəcək bir axtarışıdır” – deyərək elmdə yeni bir paraqraf açır.  

Lavuaze gilyotində kəsilən başı ilə də insanlığın beynindəki qaranlığı aydınlaşdırmağı düşünəndə, gəlin görək, bizim Russo nə işlə məşğul idi? Dürant yazır ki, özünün sentimental natiralizmi ilə dul zadəgan xanımları göz yaşlarına qərq edən Russo,  Lavuaze edam edilən gün zəhləsini tökdüyü Volterdən bir məktub aldı. Məktubda yazılmışdı: “Cənab, mən sizin insan nəslinin əleyhinə olan kitabınızı aldım. Sizin kitabı oxuyan hər kəs dörd ayağı üstə gəzmək istəyər”.  

Volter başqa dostu Bordesə isə bu sözləri yazmışdı: “Meymun insana bənzədiyi kimi, Russo da filosofa bənzəyir”. Hətta öz müasirləri belə onun göydəndüşmə fikirlərinin insanlığın ziyanına olduğunu söyləyirdilər və belə bir adam yazırdı ki, elm insanlara köləliyi sevdirir.  

Russo “ədəbiyyat insanlığın əllərini bağlayan zəncirləri çiçəklərlə örtmək üçündür” yazanda artıq iki əsr idi ki, fransız yazıçısı Rable “Qarqantua və Pantaqurel”i yazmışdı və bu roman özündən sonrakı Avropa mədəniyyətinin mənəvi atası idi. Bütün Avropa meşşan həyata, dini sxolastikaya, kralların kefqomluğuna və s. sadə insanların həyatını ağırlaşdıran “ali vərdişlərə” gülməyi bu kitabdan öyrənmişdi. Bəlkə də, Avropa mədəniyyətinin özündən başladığına narsistcəsinə əmin olduğu üçün mənəvi atasına nankor çıxdığına görə Volter Russonu “Diogenin ağlını itirmiş iti” adlandırırdı.   

Gələcəkdən qorxmaq uşaqlıq travmalarından biridir. Adətən, yoxsul ailələrdən çıxan aydınlar gələcəyə küfr yağdırıblar. Çünki uşaqlıqları onlara sabahın bu gündən heç də yaxşı olmayacağı fikrini aşılayıb. İngilis yazıçısı Devid Lourensin uşaqlığı kömür mədənlərində keçmişdi, adam icad olunan hər yeni mexaniki qurğuda nifrət etdiyi burjua sinfinin sifətini görürdü.    

“Yalançı peyğəmbərlər” bütün dövrlərdə olub, bundan sonra da olacaq. Çünki onlara sosial tələbat var. Düşünmək bacarığından məhrum, hazır cavablara ac beyinlər var olduqca, onlar da var olacaqlar. Bir üzünə baxanda, hər dövrdə və hər toplumda bu çür “yalançı peyğəmbər”lərin “zühur etməsi” o dövrün, o cəmiyyətin xeyrinədir. Çünki göydəndüşmə fikirlərə ac olan bütün cahilləri ana arı kimi öz ətraflarına toplayırlar və özləri də istəmədən kənarda sənət üçün nisbətən azad mühit yaradırlar. Əgər bu cahilləri göydəndüşmə fikirlərlə doyuran olmasa, onların ilk hücum çəkəcəkləri “yaşıl vadi” elm, sənət və ədəbiyyat olacaq.