Vətəndaşa saxta sənəd verəni himayə edən generallar kimdir?

Vətəndaşa saxta sənəd verəni himayə edən generallar kimdir?
11:11 08-12-2019 | icon 744

Qürbətova Şəmsiyə Ağaxan qızı Xətai rayonu, Rahim Məmmədov küçəsi, ev 20A, mənzil 86 ünvanında yaşayır. Bildirdiyinə görə əvvəllər Ukrayna Respublikasında yaşayıblar. Həyat yoldaşı Ukrayna vətəndaşıdır. Orada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Sonradan ağır avtomobil qəzası keçirib. Vətənə dönmək qərarına gəliblər. Oradakı əmlaklarını satıb Bakıda bir-neçə daşınmaz əmlak sahibi olmaq istəyiblər.


Bacısının kürəkəni Ömərov Şamil bu işdə onlara köməklik göstərəcəyini deyib. Tikinti şirkətində işləyən tanışı Əsgərov Hüseyndən 3 mənzil alıblar. Mənzillərdən birini təmir etdirib yaşamağa bağlayıblar. Sonradan məlum olub ki, həmin mənzil digər bir vətəndaşa 2009-cu ildən satılıb. Digər iki mənzili də yoxlatdıranda onların da başqa şəxslərə satıldığı məlum olub.
Əsgərov Hüseyn mənzilləri “Qurtuluş-93” sənədi ilə satıb, əslində isə mənzillər “Birlik” MTK-ya məxsus olub.


Şəmsiyyə Qürbətova hüquq mühafizə orqanlarına şikayət edib. Xətai Rayon Polis İdarəsində faktla bağlı araşdırma başlanılıb. Ş. Qürbətovanın deməsinə görə Xətai RPİ-nin müstəntiqi Şahsuvar Əliyev ona bildirib ki, yuxarıdan zəng edilib işi bağlamasını istəyirlər.
Sonra Hüseyn Əsgərov barəsində əlavə şikayətlər olduğu üçün iş Abşeron Rayon Polis İdarəsinə göndərilib. Abşeron RPİ-də iş müstəntiq İlkin Kərimovun icraatında olub.
Daha sonra cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib. Şəhər prokurorluğunda 2 il cinayət işi davam etdirilib. Amma bu müddət ərzində Hüseyn Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib.
Şəmsiyyə Qürbətovaya bildiriblər ki, Hüseyn Əsgərov general Bəylər Əyyubovun qohumudur, buna görə də onu general Kamran Əliyev himayə edir.
Mülki iş üzrə artıq iki məhkəmə qərarı var. Mənzillərin sahibinə qaytarılması və dəyən ziyanın ödənilməsi barədə. Amma bu məhkəmə qərarlarını Xətai Rayon İcra şöbəsinin icra məmuru Toğrul Baxşəliyev yerinə yetirə bilməyib. Himayədarlıq burada da öz işini görüb.
Məsələ ilə bağlı Baş İcra İdarəsinin rəisi Nurəddin Mustafayevin, Ədliyyə nazirinin müavinin qəbulunda olsa da heç bir xeyri olmayıb.
“Şikayətlərə baxılması uzandıqca inanıram ki, Hüseyn Əsgərovun arxasında duran böyük adamlar var. Bu işdə mənə minnətçi düşənlər də olub. Hacı Rahim və Seyid adlı şəxslər mənə deyiblər ki, Hüseyndən şikayətçi olmayım. Hüseyn işləyib pulları qaytaracaq. Hətta, şəhər prokurorluğunda müstəntiqin yanında zamin oldular”,- deyə Şəmsiyə Qürbətova bildirib.
Şikayətçinin bildirdiyinə görə cinayət işi yenidən Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. Ş.Qürbətova: “2018-ci ilin oktyabrında intihara cəhd etmişəm. Dövlət qurumları rüşvəti alır. Zərərçəkmişə baxan yoxdur”,- deyir.
Yazıda adı çəkilən şəxslərin münasibət bildirmək hüququ saxlanılır.


Mənbə azadlıq.info