Yunıy Moryak” sərnişin gəmisi niyə sahibinə verilmir?! - Dövlət Dəniz Adminstrasiyasına İTTİHAM

“Yunıy Moryak” sərnişin gəmisi niyə sahibinə verilmir?! - Dövlət Dəniz Adminstrasiyasına İTTİHAM
10:10 08-12-2019 | icon 429

Bir müddət öncə müxtəlif mediada Rusiyadan vətənə qayıdan sahibkar Qəmbər Səfərova məxsus "Yunıy Moryak” sərnişin  daşınan  gəmisinin oğurlanması haqda ümumi məlumatlar yayılmışdı.

Həmin yazılarda bildirilirdi ki, "Yunıy Moryak” sərnişin daşınma gəmisi Azərbaycan sahillərinə çıxdıqdan sonra gəminin də, onun sahibinin də qara günləri başlayıb.

Belə ki, fotosunu təqdim etdiyimiz "Yunıy Moryak” ı Hövsan sahillərindəki limanların birində saxlayan sahibkar müvafiq sənədləşmə işləri üçün fəaliyyətə başlayıb. Lakin günlərin birində gəmini saxladığı sahilə gələndə gözlərinə inanmayıb: Gəmi yoxdur!

Sahibkar Qəmbər Səfərov öncə nə edəcəyini bilməyib, sonra isə Xəzərin Azərbaycan sektoru üzrə sahilboyu gəminin axtarışına başlayır. Gəmi sanki iynə olub, dənizdə itib, onu "gördüm” deyən olmur.
 
Sərhəd xidmətinə rəsmi müraciət ünvanlayır ki, gəminin ölkədən çıxıb-çıxmadığına əmin olsun. Cavab gəminin ölkə sərhədlərini keçmədiyini təsdiqləyir. Bundan sonra iş adamı gəmisini məhz Azərbaycanda axtarmaq lazım olduğunu başa düşür və belə də edir. Uzun axtarışlardan sonra isə bəlli olur ki, "Yunıy Moryak” oğurlanıb…
 
 
Sahibkar Qəmbər Səfərov əməkdaşımızla söhbəti zamanı bildirib ki, o nəhayət yoxa çıxan gəmisini harada axtarmaq lazım olduğunu öyrənib və Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının "qapısını döyüb”.
 
Orda isə bildiriblər ki, sözügedən gəmi artıq "Mərdakan Broyler” ATSC-nin mülkiyyətindədir və bununla bağlı Dəniz Adminstrasiyası həmin quruma sertifikat belə verib. Amma "bu necə ola bilər?”, "axı həmin gəmini "Mərdəkan Broyler”ə kim və hansı əsasla satıb?” kimi suallara cavab verən tapılmayıb.
 
Fotosunu təqdim etdiyimiz və Dövlət Dəniz Adminstrasiyasının verdiyi saxta sertifikatdan da bəlli olduğu kimi gəminin adı dəyişdirilərək "Ramin” olub və ona Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ verilib.
 
Gəminin əsl sahibi Qəmbər Səfərov baş verən özbaşınalıqlarla bağlı bir neçə dəfə Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun qəbulunda olduğunu söyləyib: "Mən dəfələrlə öz etirazımı bildirmək üçün Qüdrət Qurbanovun qəbulunda olmuşam. O hər dəfə müxtəlif sözlər deməklə baş qatırdı. Məsələn, mənə bildirdi ki, gəmi Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun sərəncamındadır, odur ki, məsələni qapadım. Amma mən bu iddiaya inanmır və hesab edirəm ki, Qüdrət Qurbanov hörmətli Bəylər Əyyubovun adını qəsdən bu olaya qataraq özünü hədəfdən yayındırmaq niyyəti güdür”.
 
Qüdrət Qurbanovla söhbətin faydasızlığına əmin olduqdan sonra isə Qəmbər Səfərov məhkəməyə üz tutmaq zorunda qalır və işə Səbael Rayon Məhkəməsində baxılır. Səbael Rayon Məhkəməsində iş Qəmbər Səfərovun xeyrinə qətnamə çıxardılır və gəminin sahibinıə qaytarılması tələb olunur.
 
Bu qərardan appelyasiya şikayəti verilib və məsələyə Apelyasiyya Məhkəməsində yenidən baxılıb. Bu məhkəmənin yekunu olaraq, Bakı şəhəri, Səbael Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyun 2012-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi qərara alınıb. Həmin qərarda açıq şəkildə bildirilib ki…
 
– İddiaçı Səfərov Qəmbər Səfər oğlunun cavabdeh "Mərdəkan Broyler” Açıq Səhmdar Cəmiyyətinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiası təmin edilsin.
 
Sahibkar Qəmbər Səfərov ilə "Mərdəkan Broyler” ASC arasında "Yunıy Moryak” adlı (hazırki adı: Ramin) daşıntı gəmisinə dair bağlanmış 09.01.2003-cü il tarixli "Alqı – satqı müqaviləsi” etibarsız hesab edilsin.
 
Qeyd edilən 09.01.2003-cü il tarixli "Alqı-satqı müqaviləsi əsasında iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyası tərəfindən mübahisəli gəmiyə dair "Mərdəkan Broyler” ASC-nin adına verilmiş 30.07.2003-cü il tarixli "Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin.
 
Mübahisəli gəmiyə dair iddiaçı Q. Səfərovun adına "Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin” və "Azərbaycan Respublikası Dövlət Bayrağı altında üzmək haqqında şəhadətnamənin” verilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyasının üzərinə qoyulsun.

Mübahisəli gəmi cavabdeh "Mərdəkan Broyler” ASC-dən alınaraq iddiaçı Q.Səfərova verilsin!

Cavabdeh "Mərdəkan Broyler” ASC-nin iddiaçı Səfərov Qənbər Səfər oğluna qarşı mübahisəli gəminin təmiri və bərpasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi barədə iddiası qismən təmin edilsin.
 
Səfərov Qənbər Səfər oğlundan 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pul alınaraq "Mərdəkan Broyler” ASC-yə ödənilsin.
 
Göründüyü kimi, məhkəmə gəminin sahibinə qaytarılması və gəmiyə Dövlət Dəniz Adminstrasiyası tərəfindən şəhadətnamə verilməsi haqda qərar çıxarıb. Amma…Amması odur ki, Qüdrət Qurbanov bundan sonra da geri çəkilməyib və faktiki olaraq məhkəmə qərarı icrasız qalıb. Səbəb kimi isə elə gülməli
"arqument” göstərir ki…
 
Həmin "arqument”in gülməli tərəfləri haqda bir qədər sonra…İndilik isə bir məqamı oxucularımız üçün aydınlaşdırmağa çalışaq. Deməli, məhkəmə prosesi zamanı "Mərdəkan Broyler” tərəfi iddia edib ki, bəs gəmini təmir etmişik və bu işə guya 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pul xərcləyiblər. Sözlərinin "mustafası” o olub ki, gəmi sahibi həmin pulu qaytarmalıdır.
 
Əvvəla, adama deyərlər ki, səndən xahiş edən olmuşdumu ki, başqasının gəmisini təmir edəsən? İkincisi isə bu məbləği hansı işlərə sərf etmisən? Bu və digər suallar, gəminin təmirindəki şok rüsvayçı faktlarla növbəti yazımızda daha ətraflı tanış olacağınızdan mövzunu burda qapadırıq. Sadəcə, bu məsələni epizodik olaraq ona görə xatırlatdıq ki, Qüdrət Qurbanov indi hər şeyi bir kənara qoyub, yapışıb bu "təmir xərclərindən”.
 
Məhkəmə qərarında açıq şəkildə göstərilib ki, Dövlət Dəniz Adminstrasiyası tərəfindən mübahisəli gəmiyə şəhadətnamə verilsin! İndi kim gəminin təmirinə nə qədər xərcləyib, bir başqası o pulu ona haçan verəcək kimi məsələlər Dövlət Dəniz Adminstrasiyasının işi deyil axı. Sizin işiniz "Yunıy Moryak” (sonradan dəyişdirib adını "”Ramin qoyduğunuz –red) gəmisinin əsl sahibinə müvafiq şəhadətnamə verməkdi ki, onu da verməkdən boyun qaçırırsınız. Gah, Bəylər Əyyubovun adını hallandırmaqla, gah da başqa bəhanələrlə vaxtı nə qədər uzadacağınızı isə proqnozlaşdırmaq asan deyil.
 
Mövzuya qayıdacağıq.