Oksigen klinikasında əməliyyat olundu, sonu faciə ilə bitdi: - "Aparat xarab idi, məcbur olub əllə tikdim"- İttiham

Oksigen klinikasında əməliyyat olundu, sonu faciə ilə bitdi: - "Aparat xarab idi, məcbur olub əllə tikdim"- İttiham
08:30 08-12-2019 | icon 742

5000 pul aldı, əməliyyat tikişi açıldı, xəstəni ayrı yerə göndərdi ki, mən bacarmaram”-Bakıda özəl klinikada xəstə ölümü
 
Bakıda, Oksigen klinikasında 10 gün əvvəl mədəsindəki şişdən əməliyyat olunan 70 yaşlı Fazil Fətəliyev ötən gün əməliyyat sonrası ağırlaşmalardan dünyasını dəyişib.
 
Xəstə yaxınları özü-öz ayağı ilə əməliyyata girib, sonra evə qayıtsa da, qəfildən halı xarab olan doğmalarının ölümündə Oksigen klinikasının ümumi cərrahı, uzman Ruslan Həsənovu birbaşa günahkar hesab edir.
 
Medicina.az xəbər verir ki, xəstənin xaricdə yaşayan ailə üzvü Ruslan Həsənovu cərrah yox, qəssab adlandıraraq, dayısının başına gələnləri açıqlayıb:
 
“Xəstə mədə ağrıları ilə bu həkimin yanına gedib. Hardansa eşidiblər ki, belə cərrah var. Müayinədən sonra xəstəyə deyib ki, mədəndə şiş var, təcili əməliyyat olunmalısan. Xəstə bu diaqnozun stresindən 1 həftə içində 10 kq arıqlamışdı. Ruslan Həsənov əməliyyatı üzərinə götürüb. Fazil dayım öz ayaqları ilə xəstəxanaya gedib, çox normal şəkildə idi. Əməliyyatdan 3 gün sonra evə yazılıb, amma 1 gün sonra ağrıları başlayıb. Həkimə zəng ediblər, deyib keçəcək, amma bir neçə gün sonra ağrı dözülməz olanda klinikaya gediblər”.
 
Növbəti müayinə zamanı məlum olub ki, əməliyyat yerinin tikişləri sökülüb, açılıb və daxili orqanlara çirk, su yığılır. Şikayətçinin sözlərinə görə, həkim özü səhvini etiraf edib.
 
“ Dedi aparatımız xarab oldu, məcbur olub, əlimlə tikdim. Tikdiyi də belə.
Aparat xarab olub deyə, xəstəni əməliyyatxanada 7 saat saxlayıb, bizə də demirlər.
Sonra xəstəni Əhmədlidəki bir klinikaya apardılar, 2-3 saat da orda qaldı. 2000 manat da orda xərcləndi.
Amma Ruslan Həsənov öz səhvi, yarıtmaz işi ucbatından ağır vəziyyətə düşən xəstəni təkrar öz klinikasına yatırtmadı, başqa həkimə göndərdi. Çünki gördü ki, vəziyyət ağırdı, savadı yetməyəcək.
 
Digər özəl klinikada 10 gün yatsa da yazıq nə yemək yeyə bilirdi, nə su. Hər yeri şlanq idi. Ciyərlərinə su gəlmişdi. Elə şlanqlar üzərində ola-ola da evə yazdılar. Amma evdə daxili qanaxma baş verdi, sabahı yenidən reanimasiyaya yerləşdirildi. Bir sözlə, başına gəlməyən qalmadı. Narkoz altında yaranı yenidən açıb yandırmaqla qanaxmanı saxlamaq istədilər, xəstə çox zəifləmişdi deyə, üçüncü narkozdan ayılmadı. Beləcə, onu gözümüz görə-görə itirdik. Xəstənin bədəni dəlik-deşik idi”.
 
Xəstə yaxını deyir ki, mədədəki əməliyyat üçün Oksigen klinikasına 5000 manat pul verilib. Qeyd edək ki, bu məbləğ mədədən şişi götürmək əməliyyatı üçün həddən artıq yüksəkdir.
 
“Onun fikri –zikri pul idi. Xəstə ağırlaşanda dedilər pul da verərik, təki ölməsin, boynundan atdı. Sonrakı klinikada çəkilən xərcləri isə demək istəmirik, dəhşət böyük məbləğ idi, amma hər şey boşuna getdi. Bəlkə də Fazil dayım o şişlə 1 il yaşayacaqdı, amma bu özünə uzman deyən Ruslan Həsənovun səhvi ucbatından 1 ay yaşamadı”.
 
Oksigen klinikasına əməliyyat üçün ödənilən pulun geri qaytarılması barədə tələb hələ irəli sürülməyib:
 
“İndi ailənin başı yasa qarışıb. Nəslin ağsaqqalı vəfat edib, pul hayında deyilik. Amma bunları deməkdə məqsədimiz odur ki, səhiyyəni alaq otları kimi basan bu savadsız, insanların pulunu, sağlamlığını əlindən alan, özlərinə uzman adı qoyan Ruslan Həsənov kimilərini tanıyın və həyatınızı belələrinə etibar etməyin”