Dəhşətə gələcəksən!

Dəhşətə gələcəksən!
20:28 01-12-2019 | icon 86

 Ramin Musayev yazır

Hər dəfə aptekdən dərman alanda, kiçik bir qutu üçün polietilen paketdən istifadə edirlər. Hər dəfə də ondan imtina edirəm və başa salıram ki, bu, ekologiyaya vurulan daha bir zərərdir. Amma yenə də köhnə hamam, köhnə tas.

Ekologiyanın korlanması əhalinin sağlamlığına təsir edir. Bunun günahkarlarından biri də elə əhalinin özüdür.

Mağazalarda alış-veriş edərkən, kassada alınmış əşyaları bölüşdürüb müxtəlif paketlərə yerləşdirirlər. Əgər müxtəlif təyinatlı əşyaların növləri çoxdursa, paketlərin sayı da artıq. Müştərini razı salmaq istəyirlər, amma onun sağlamlığı hesabına.

Sonra isə həmin paketlər çölə atılır. Yaxud, plastik butulkarlardakı maye içildikdən sonra çox insan tərəfindən zibil qutusuna deyil, yenə çölə atılır. Hələ siqaret kötüklərini demirəm. Mənim müşahidələrimə görə siqaret çəkənlərin 80%-i onu yerə atır, heç nə düşünmədən. Yaxud, tum yeyib, qabığını skamyanın ətrafına tullayırlar. Bu ən azından mədəniyyətsizlikdir. Gözləyirəm ki, bu məqaləyə çox “dislike” gələcək, çünki çox adam özünü bu abzasda görəcək.

Problem tək bu paketlər və butulkalar deyil, digər tullantılar da ekologiyaya zərər yetirir. Əgər aşağıdakı materialların utilizasiya müddəti ilə tanış olsaz, dəhşətə gələcəksiniz.

Qida məhsullarının tullantıları - 1 ay. Portağal qabıqlarının emalına ən uzun müddət tələb olunur - 4-6 ay.

Sadə kağız və karton 1-2 ay ərzində, kitab və çap məhsullarına 2 il, bahalı nəşrli jurnallara isə 5 il zaman sərf olunur.

Geyimə gələk. Təbii olan pambıq və kətan, süni yollarla amma təbii materiallardan alınan bambuk lifləri və viskoza mikroorqanizmlərin və rütubətin nəticəsində 3 ilə, yun parçalar daha qısa zamanda - 1 ilə təbiət tərəfindən emal olunur. Süni və sintetik materiallardan hazırlanmış geyim əşyaları və köhnə ayyaqqabılara isə 50 ilə yaxın zaman lazımdır.

Ağac parçaları 3-10 ilə emal olunsa da, lakla örtülmüş mebellərə 13 ilə kimi vaxt lazım olur.

Hamının sevdiyi saqqızın təbiətdə emalına isə 30 il sərf olunur. Ona görə saqqızı çölə atmadan öncə düşünün ki, o bizi uzun müddət izləyəcək.

Batareya və akkumlyatorlar 100 il müddətində təbiətdə qalacaq. Təsəvvür edin ki, onların təbiətdə emalına 1 əsr zaman sərf olunur.

Məqalənin əvvəlində misal göstərdiyim polietilen paketləri çox qısa zamanda işlədib, tullayırıq. Amma bir neçə saatlıq işlənən bu paketlərin yox olmasına 30 ildən 200 ilə kimi zaman sərf olunacaq.

İndi isə plastik butulkaların uzunömürlülüyənə baxaq. Onun təbiətdə emalına 450-dən 1000 ilə kimi zaman lazımdır! Yəni ortalama insanların ömrünü 70 il götürsək, gələcək 14 nəsil bu plastik məmulatların əziyyətini çəkəcək.

Adi qab yumaq üçün süngərlər 200 il insanlarla bərabər yaşayır.

Dəmir konserva bankaları 10 il emal olunsa da, alüminium bankalara (içkilər üçün) 80 ildən 500 ilə kimi zaman lazımdır.

Avtomobillərin rezin şinlərinin tam çürüməsi 100 ilə başa gəlir.

Təbii material sayılan şüşənin təbiətdə emalına isə 1000 ildən çox vaxt lazımdır. Mütəxəssislər güman edirlər ki, hətta bu müddətdən sonra belə şüşə tam olaraq çürümür.

Başqa bir problem isə odur ki, hətta zibil qabına atılan tullantıları sonradan aparıb şəhər kənarında olan ərazilərə boşaldılar. Bu da bütün yuxarıda sadalaqdıqlarımın bir yerdə konsentrasiya olmasına gətirir. Bir-birinə qarışan tullantılar yeraltı sulara süzülərək, onu da zəhərləyir.

İndi düşünün ki, gündəlik istifadə etdiyimiz min tonlarla məhsulun tullantıları təbiəti və yer kürəsini böyük bir zibilliyə çevirir. Öz növbəsində isə insanların sağlamlığına güclü təsir edərək ağır xəstəliklərə düçar edir.

Halbuki, bu tullantıları zavodlarda emal edərək, yenidən istifadə etmək olar. Bunun üçün isə bütün əhalinin tullantıları ayıraraq, belə zavodların nümayəndəlinə təhvil verməsi lazımdır. Bunu etməyə də bilərsiniz. Belə halda qazandığınız pulları həkimlərə, müalicəyə, dava-dərmana xərcləməyə hazırlaşın.

Son onillər xəstə uşaqların sayı sürətlə artır. Bunun səbəblərindən biri də həmin tullantılardır. Özünüzə yazığınız gəlmir, heç olmasa övladlarınıza yazığınız gəlsin!