Qocalıb əldən düşmüş parlamentə “yeni qan” lazımdır

Qocalıb əldən düşmüş parlamentə “yeni qan” lazımdır
10:35 29-11-2019 | icon 53

Günay Malikqızı yazır...

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Təşəbbüs hakim Yeni Azərbaycan Partiyasından gəlib. YAP-ın Siyasi Şurası hesab edir ki, Azərbaycan parlamentinin yeniləşməsi Prezidentin apardığı islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir.

Parlamentdə yerlərin yarıdan çoxunun – 68-nin YAP-a aid olduğunu nəzərə alsaq, aydın olur ki, yenilənmə, əsasən, YAP-çı deputatların hesabına baş verəcək. Hakim partiya daxilində Prezident İlham Əliyevin siyasi və iqtisadi kursunun yekdilliklə dəstəkləndiyini nümayiş etdirən gözəl təşəbbüsdür.

Uzun beşilliklər ərzində parlamentdə kürsüyə sahib olan insanlar kürsülərini, deputat statusunun onlara bəxş etdiyi toxunulmazlıqlarını və bir sıra əlavə üstünlüklərini könüllü şəkildə itirməyə razılaşıblar. Bu, Azərbaycan tarixində və siyasətində ilk təcrübədir və alqışalayiqdir. 

Alman filosofu Osvald Şpenqler “Avropanın qürubu” əsərində qocalıb əldə düşmüş Avropanın inkişafı üçün “yeni qanın” lazım olduğunu yazırdı. Parlamentimiz yenilənəcək, gəncləşəcək, daha çevik, dinamik və iş qabiliyyətli olacaq, onun sifəti dəyişəcək, daha intellektual, praqmatik, texnokrat olacaq. 

Sosial şəbəkələr artıq “Deputat olmaq istəyirəm”, “Məndən  yaxşı deputat olar” kimi statuslarla doludur. Sosial şəbəkələrdə artıq 125 yerə CV qəbulu elan edilibsə, deməli, biz Azərbaycan tarixində bir ilk yaşayırıq. 

YAP-ın parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi qəfil olsa da, əslində, son vaxtlar baş verənlər fonunda belə bir qərar haradasa gözlənilən idi. Necə ola bilər ki, hakimiyyətin idarəedici qolu yenilənsin, amma qanunverici orqan köhnə qalsın. Axı hakimiyyətin bu iki qolu arasında uyğunluq olmalı, bu qollarda təmsil olunanlar bir-birinin anladığı dildə danışmağı bacarmalıdırlar ki, iş getsin.

Söhbət heç də hər iki qolun ingilis dilində danışmağı bacarmasından getmir. Söhbət eyni yöndə düşünməkdən və fəaliyyət göstərməkdən, eyni dəyərləri bölüşməkdən gedir. İslahtaçı icraedici hakimiyyətlə paralel islahatların mahiyyətini dərk edən islahatçı parlament də lazımdır. 

Hərçənd ki, parlament üzvləri üçün danışmaq da vacibdir, ən azı ona görə ki, parlament sözünün kökünü “parler” – fransızcadan tərcümədə “danışmaq“” təşkil edir. Sadə vətəndaşlarla tez-tez görüşən, sosial şəbəkələrdə fəallıq nümayiş etdirən icraedici qolun yeni nümayəndələri ilə illərlə parlamentdə “susmaq qızıldır” deyib, bir kəlmə belə işlətmədən deputatlıq müddətini başa vuranların işbirliyini təsəvvür etmək çətindir. 

Halbuki parlamentə seçilənlər milllətin vəkili olduqlarını unutmamalıdırlar. Onlar ortalama 40 min seçicinin vəkilidir. Şübhəsiz ki, parlamentdə səlahiyyəti ilə yanaşı, millət vəkili olmağın məsuliyyətini dərk edən, yaşı çox olsa da, “min cavana dəyən” deputatlarımız da var.

Yenilənmək, gəncləşmək isə məqsəd yox, vasitədir  - xalqa xidmət etmək deməkdir. Seçiləcək yeni millət vəkilləri nəyə görə parlamentdə oturduqlarını unutmamalı, xalqımızın və dövlətimizn rifahı naminə çalışmalıdırlar. “Azərbaycan xalqına xidmət edirəm” şüarı ilə Azərbaycan əsgəri və onun Ali Baş Komandanının göstərdiyi nümunə kimi.