Yevgeniy Mixaylov: “Vurulan pilot” Serj Sarqsyan Moskva üçün maraqlı deyil - ÖZƏL

Yevgeniy Mixaylov: “Vurulan pilot” Serj Sarqsyan Moskva üçün maraqlı deyil - ÖZƏL
18:49 28-11-2019 | icon 60

Oxu.az-ın rusiyalı müstəqil jurnalist, millətlərarası münaqişələr üzrə eksperti Yevgeniy Mixaylovla müsahibəsi

- Yerevan Rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair konstruktiv danışıqlar barədə çağırışlarına məhəl qoymamağa davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyan gah miatsumlara çağırışla çıxış edir, gah da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejiminin münaqişənin tərəfi kimi danışıqlarda iştirak etməsinin zəruriliyini bəyan edir. Bu vəziyyətdə, Qarabağ məsələsinin həllində irəliləyiş mümkündürmü?

- Nəzərimcə, Nikol Paşinyanın populizmi artıq erməni xalqının özünü də çox yorub. Ermənistan lideri iqtisadi bərpa və xarici siyasət problemlərini həll etmək vədlərini yerinə yetirmək əvəzinə vəziyyəti gərginləşdirməyə davam edir. Danışıqlar prosesində yalnız işğal olunmuş bölgələrdə yaşayan ermənilərin iştirak edə biləcəyi ilə bağlı deyilənlər heç bir ölçüyə sığmır. Siz əvvəlcə azərbaycanlı qaçqınları geri qaytarın və yalnız bundan sonra belə bəyanatlarla çıxış edin.

Dialoq yalnız etnik təmizləmə nəticəsində doğma yurdlarından didərgin düşmüş bütün Qarabağ sakinlərinin iştirakı ilə təklif oluna bilər. Paşinyanın çağırışları - yoxluğa aparan yoldur. Üstəlik, bu, Azərbaycanı hədəflərinə çatmağa yaxınlaşdıran, yəni işğal olunmuş əraziləri geri qaytarmağa aparan bir yoldur.

- Paşinyan eyni zamanda Hitlerdən ilhamlanan Garegin Njdeni, SSRİ Xarici İşlər Naziri Vyaçeslav Molotovla bir tutmağa çalışıraraq inadla müdafiəyə davam edir.

- İrəvanın Garegin Njde ilə bağlı mövqeyi Rusiyada çaşqınlıq yaradır. Faşistlərin bu xidmətçisinin xatirə lövhəsini boyayaraq faktiki olaraq vətəndaş cəsarətini gerçəkləşdirən Armavir Şəhər Sovetinin deputatı Aleksey Vinoqradova qarşı qisas təhdidləri isə rus dilində desək, boş nümayişdən başqa bir şey deyil. Onlar heç nə etməyəcəklər. Məsələ burasındadır ki, son vaxtlar erməni millətçiləri yalnız internet qəhrəmanıdırlar,  vəssəlam. Süjetlərim və KİV-də çıxışlarımla bağlı məni yüzlərlə dəfə ölümə məhkum ediblər.

Rusiya faşizmin izzətlənməsinin qarşısının alınmasına dair qəti mövqeyə sahibdir və Moskva ilə münasibətləri korlamaq istəməyənlərin hamısı buna riayət etməlidir. Ermənistan, Paşinyanın hakimiyyəti dövründə görünür, ölkələrimiz arasında onsuz da gərginləşən siyasi münasibətləri soyutmağa daha çox meyillidir.

- Bu yaxınlarda, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Dağlıq Qarabağın Azərbaycana qayıtmayacağını deməklə və Azərbaycan Silahlı Qüvvələrinin gücünün artmasından narahatlığını bildirməklə özünü xatırlatmaq qərarına gəldi.

- Mənim Serj Sarqsyanla bağlı heç bir mövqeyim yoxdur. O, ən azı bufer zonalarda işğal olunmuş əraziləri geri qaytarmaq baxımından Rusiyaya verdiyi vədlərin çoxunu yerinə yetirməyən “vurulmuş pilot”dur. Sarqsyan öz açıqlamaları ilə əhalinin müharibəyə meylli və “Böyük Ermənistan” mifinə inanan hissəsindən dəstək almağa çalışır. Ancaq belə ermənilərin sayı azalır. Erməni gənclər ölkələrindəki iqtisadi vəziyyətin pisləşməsini çox gözəl şəkildə görürlər. Onlar üçün pul qazanmaq getdikcə çətinləşir. Və belə bir vaxtda Yerevan daxili sosial problemləri həll etmək əvəzinə, qonşu ölkələrə qarşı təcavüzkar siyasətini davam etdirir.

Fikrimcə, Sarqsyanın siması artıq media üçün də maraqlı olmamalıdır. Bakıda onun haqqında nə qədər çox danışsalar, o, bir siyasi xadim kimi bir o qədər də gündəmdə qalar. Nəzərimcə o, artıq Moskva üçün də maraqlı deyil. Rusiya Bakı ilə müttəfiqlik və tərəfdaşlıq münasibətləri qurmağa köklənib və səhvlərindən ibrət götürməyən “keçmişin qalıqları” onlar üçün maraqlı deyil.

Rasim Babayev