İlk modernistlər katolik keşişləri idi

İlk modernistlər katolik keşişləri idi
17:07 27-11-2019 | icon 57

Aqşin Yenisey yazır...

Bu yazımızın nüvəsinə enmək üçün məcburam şumda modernizm haqqında uzun bir giriş verim ki, xırmanda oxucularımızla yabalaşmayaq. 

Modernizm orta əsrlərin təfəkkür tərzi və həyat qəliblərinə bir müqavimətin nəzəri və texniki nəticəsidir. Latın mənşəli “modo” sözündən törəmiş olan “modernus” sözündən gəlir. Latınca “modo” sözü, “dərhal”, “indi” deməkdir. Modernizm pozitivist, rasional məntiqə əsaslanan insanmərkəzli və faktın, məlumatın universallığı prinsiplərini qəbul edən bir cərəyandır. 

“Modern” sözünün latınca “modernus” şəklindən ilk dəfə V əsrdə xristianlığı qəbul etdikdən sonra Roma imperiyasında, imperiyanın özünü öz keçmişindən və bütpərəstlikdən ayırmaq üçün istifadə edilib. Sonralar mənası tez-tez dəyişsə də, köhnədən yeniyə keçidi ifadə etmək üçün dilə gətirilib. Yəni modernizm başlanğıcda Roma hüququndan kilsə hüququna, “Qaranlıq çağ”a keçidin adı olub. Baxmayaraq ki, dövrümüzdə tam tərsinə, inancdan qanuna keçidin adıdır. İlk modernistlər katolik keşişləri idi.

Modernizm ilk dəfə antik dövr fəlsəfəsinin yerinə xristianlığın keçdiyini ifadə edən bir kəlmə idi. Modernizmin yaranmasında və prosesin davamında düşüncə olaraq Maarifçilik dövrü, siyasi olaraq Fransa inqilabı və iqtisadi olaraq da elmi inqilab fonunda baş verən Sənaye inqilabı həlledici rol oynamışdır.

Modernizmin ideoloji əsasını təşkil edən Maarifçilik, XVII və XVIII əsrlərdə mövcud olan totalitarlığa, sinfi-feodal cəmiyyət quruluşuna, mürtəce dini dünyagörüşünə qarşı, yeni yetişməkdə olan burjuaziyanın rəhbərlik etdiyi bir qurtuluş hərəkatıdır. 

Əsasları eyni olmaqla Qərbi Avropa cəmiyyətlərinin özünəməxsus ictimai davranışları və tarixi şərtlərinə görə fərqlənən (Alman, İngilis, Fransız, İspan Maarifçiliyi kimi) Maarifçilik hərəkatı ilə birlikdə, azadlıq, ağıl, fərd, insan haqları, ictimai müqavilə, dünyəvilik, demokratiya, bərabərlik, elmi düşüncə kimi anlayışlar ön plana çıxıb.

Bunlara paralel olaraq dinin, fəlsəfənin, elmin və incəsənətin sərhədləri də ayrılıb. Və bütün bunlar Qərbdə baş verib. Bizə modernizmin, maarifçiliyin ancaq küləyi dəyib. Biz modern şüurun nə olduğunu bilirik, ancaq onu hiss etmirik. Yeni dünyada köhnə hisslərlə yaşayırıq. Şərqin, türklər demiş, özəlliyidir bu. 

Bu yaxınlarda redaktorlardan biri göndərdiyim mətndə “modern dövr” ifadəsini “yeni dövr”lə əvəzlədiyi üçün qeyd edim ki, modernlik ümumi bir termin olaraq modern dövrü xarakterizə edir ki, bu dövr Bekon və Dekartla başlayan modern fəlsəfə, Qalileo ilə başlayan modern elm dövrüdür.

Fəlsəfədə bu dövr Kantın Maarifçilik ənənəsini, Karl Lövit və Jak Ellülün texnologiyaların yüksəlişini, Marks və Veberin iqtisadi nəzəri formalarını ifadə edir. Modern dövr eyni zamanda mücərrəd dövlətdən burjua dövlətinə keçid prosesini əhatə edir.

Başlanğıcı 1300-cü illərə uzanan Renessansın formalaşdırdığı düşüncə və həyat tərzinin hakim olduğu, elmin, siyasi-iqtisadi rasionallığın önə çıxdığı zaman kəsiyi modern dövr olaraq tanınır. Modernizm isə XIX əsrin sonlarında və XX əsrin əvvəllərində yüksələn sənət yönlü, estetik və mədəni bir layihə olaraq, XIX əsrdə Qərb dünyasına hakim olan dünyagörüşüdür. Bu baxımdan modernizm, modern dövrdəki həm bir yaşayış tərzini, həm də mədəni inkişafı əhatə edir.

Modernizmin tərəfdarları olan Emil Durkheym, Georq Zimmel və Tolkott Parsons kimi sosioloqlara görə modernlik fərqliliyin, peşəkarlaşmanın, fərdiləşmənin, xaotikliyin, müqaviləyə əsaslanan əlaqələrin, elmi biliyin və texnologiyanın hakim olduğu bir həyat şəklidir.

Modernliyin əsas parametrləri ümumilikdə kapitalizm, sənayeləşmə, şəhərləşmə, demokratiya, ağla əsaslanan rasionallıq, bürokratiya və milli dövlətdir. Modernlik ənənənin normallaşdırıcı funksiyalarına qarşı çıxır.

XVIII əsrdə yaranan elm, əxlaq və incəsənət sahələrinin bir-birindən ayrılması, Kantın öndərlik etdiyi modernlik layihəsinin əsasını təşkil etməkdədir. Modernizmdə bilməyin və inanmağın bir-birindən ayrılması da var.

On doqquzuncu əsrin ortalarından başlayaraq, Qərbdə məhdud dünyagörüşlü adamlar istənilən pornoqrafiyanı modernizmin ayağına yazıb, ağız büzürdülər. Bu hal bizdə XX əsrin sonu, XXI əsrin əvvəllərində postmodernizmə münasibətdə özünü göstərdi. Postmodernizmi yerli müəlliflər və oxucular səhv anladılar.

Qərbin iki əsr əvvəl modernizm kimi anladığı və “dəyərlərə hücum” vampirliyi kimi tənqid etdiyi şeyi biz postmodernizm kimi anlamağa və aşağılamağa başladıq. Bu gün də yerli postmodernistlərin cəmiyyətdə bir şarlatan, cüvəllağı, vampir obrazı var.

Məhdud dünyagörüşlü adamlarımız istənilən açıq-saçıqlığı, məişət tərbiyəsizliyini postmodernizmin ayağına yazıb şəxsləri qaralayır. Halbuki əsl moderinzm o vaxt Qərb cəmiyyətinin gördüyü olsa da, əsl postmodernizm indi bizim cəmiyyətin söydüyü deyil. Biz istəsək belə postmodernist ola bilmərik. Buna nə estetik ehtiyac var, nə mənəvi tələbat. 

Postmodernizm nüvə silahının olmadığı keçmişin “dirildilməsi” cəhdi kimi elmin gələcəyinə müqavimət olaraq ortaya çıxıb. Əslində, mühafizəkar cəmiyyət olduğumuz üçün postmodernizm bizim üçün göydəndüşmə bir nemət sayılmalıdır. Çünki biz zatən elm, zəka, ağıl düşmənləriyik. Amma yanlış anlaşıldığı üçün məhz mühafizəkar kütlə Azərbaycanda postmodernizmi söyür, onu əxlaqi, irsi dəyərləri aşındıran mənəvi bir virus kimi başa düşür.

Xüsusilə postmodernizmin sənətdəki “obrazı” xalqı qıcıqlandırır. Halbuki postmodernizm Qərbdə həssas zəkaların gələcəyə bəslədiyi ümiddir. İnsanı təməl ideyalardan uzaqlaşdırıb istehlak ünsürünə çevirən texnologiyalar dövrünə üsyandır. Postmodernizm deyir ki, insan öz yaratdığının qulu olmamalıdır: səsləyir ki, elmin didərgin saldığı ilahi ruh, evinə dön! Postmodernizm ruhun axtarışıdır, ruha qayıdışdır. 

Necə ki modernizm bir zamanlar dinin heçə saydığı bədənin xilası idi. O vaxt da heç kim ilk dəfə kinetik enerjini mexaniki enerjiyə çevirən buxar mühərrikinin yaradıcısı Ceyms Vattı söymürdü, söyüşlərin hədəfində modernist düşüncəni sənətə daşıyan, ruhu aşağılayıb, bədəni tərənnüm edən Bodler, Mane kimi şairlər, yazıçılar, rəssamlar idi.

O yaradıcı şəxslər ki, sənət devizləri “məni təəccübləndir!”, “yeni olanı yarat!” deyirdi və bu da bütün köhnələrin üstündən xətt çəkmək demək idi. Sənətdə isə köhnə ilə keçmiş “eyni şey” mənanı verir. Sənətin görünən hədəf olmasının bir səbəbi də mühərrikdən fərqli olaraq şeirin evlərə daha rahat girə bilməsidır, həm də gənc qızların xəlvətlərində.

Bu gün postmodernizm bizim insanın gözünə modernizm cildində görünür. Əslində isə, bizdə postmodernizm deyə bir şey də yoxdur. Biz hələ ruhdan qaçırıq, bir şərqli kimi ruhanilikdən təngə gəlmişik. Bizi bədənimizin azadlığı və ehtiyacları düşündürür. Bu fiziki “görməmişlik” isə təkcə sənətdə deyil, həyatımızın hər sahəsində tüğyan edir.

Biz, sadəcə, bədəninin ehtiyacları içində boğulan acgöz və dəmyə modernistlərik. Modernizm bizə havadan, sudan, GMO qidalarından yoluxub. Bizim modernizmimizin heç bir elmi, fəlsəfi əsası yoxdur. Biz “Kant”ımızdan yox, pornoqrafik saytlardan öyrənmişik modernizmi.

Məsələn, sual vermək olar ki, bizdə niyə absurd əsərlərə tələbat yoxdur? Axı modernizm absurdizmlə başa çatdı Qərbdə. Bəs bizdə niyə Qodo iztirab çəkmədi?  Halbuki XX əsrin ortalarından başlayaraq Avropa ədəbiyyatı təklənmiş, yadlaşmış, düşüncəsi qarışmış obrazlarla dolu idi.

Absurd teatr elmi inkişafın yalqızlaşdırdığı, məqsədsizləşdirdiyi, taleyi nə allahın, nə də öz əlində olan insan haqqında yarandı. İnsan hər yerdə itkin düşmüş özünü, öz ruhunu axtarmağa başladı. Elmi inkişaf insanı absurda dirədi. Teatrlar səhnədə əşyaların arasında vurnuxan tənha qəhrəmanların sığınacağına çevrildi.

Monotamaşalar dəbə mindi, öz-özü ilə danışan dəlilər peyda oldu pyeslərdə. Səs-küydən qaçan, künc, sığınacaq axtaran psixopatlara çevrildi insanlar. Ən dəhşətlisi də onların artıq köməksiz qaldıqlarını anlamaları idi.

Çünki artıq allah da “ölmüşdü” və adətən, belə qəhrəmanlar son pərdədə bu köməksizlik mühitinin təsiri altında intihar edirdilər. Tarix boyu başqalarını öldürən qəhrəmanlar indi özünü öldürən acizlərə çevrilmişdilər. 

Həqiqi modernizmin sonu, həqiqi postmodernizmin əvvəli belə olmalı idi. 

Hanı bizim elmin gələcəyinə ümidini itirmiş tənha qəhrəmanlar? Müsəlman yazıçısı yalandan, el gözünə postmodernist ola bilər və öz qəhrəmanlarını yaşadığı məhlədən deyil, hansısa Avropa yazıçısının kitabından əkişdirə bilər. Ad çəkmirəm ki, qanqaralıq düşməsin.  

Postmodernizm nihilizmin başqa formasıdır. Əsl postmodernistlər deyir ki, Qərbdə elm insan psixologiyasında Allahı yıxdığı yerə insanı yerləşdirə, bərkidə bilmədi. Bu dörd əsr ərzində insanın özünə inamı, insanın Allaha inamı qədər güclü olmadı. Elm həyatı anlaşılmaz bir illüziyaya çevirdi.

Bu gün dünya nüvə səksəkəsi içində yaşayır. Bu əndişəni insana elm bəxş edib. Elm dünyanın, həyatın gözəlliyinə olan etibarı sarsıdıb, insanı zövq yox, həzz alan bir canlıya çevirib, əvəzində isə bizə vur-tut cib telefonu satıb. Bu dediklərim dünyada elmə mövcud tənqidi baxışın bir qismini, bəlkə də, ən səthi qismini ifadə edir. Amma bütün bunların bizə nə dəxli var? 

Bu yaxınlarda qızı doğulan dostum deyir ki, həkimlərimiz axıra kimi ultrasəs müayinəsinə əsasən dirəşdilər ki, oğlun olacaq, ekranda oğlan görürük. Biz də sevincək olub balaca oğlan paltarları aldıq.

Axırda qız doğuldu, indi zavallı qızcığaza aldığımız oğlan paltarlarını geyindiririk, qorxuram qızım böyüyəndə dirəşsin ki, Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam.  Elmi-texnoloji inkişafı bu səviyyədə mənimsəmiş bir cəmiyyət niyə elmdən narazılıq etsin ki? Niyə postmodernist olsun ki?

Biz hələlik elmin Miçurin mərhələsindəyik. Elmin psixoloji, fəlsəfi problemləri bizə məlum deyil. Bizim üçün elm hələ də təhsil hadisəsidir. 

Qoy bunu da deyim, gələcəkdə lazım olar. Postmodern terminini “postmodern” şəklində ilk dəfə tarixçi Arnold Toynbi istifadə edib. Toynbi 1974-ci ildə Qərb sivilizasiyasının İkinci Dünya Müharibəsindən sonra girdiyi yeni dövrü “postmodern” olaraq adlandırırdı.