Gürcüstandan gələn avtomobildə külli miqdarda narkotik vasitə və silah-sursat aşkarlandı - FOTO

Gürcüstandan gələn avtomobildə külli miqdarda narkotik vasitə və silah-sursat aşkarlandı - FOTO
20:07 13-11-2019 | icon 58

Gömrükçülər hərbi ləvazimat və qanunla qadağan edilən digər predmetlərin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. 

DGK-dan milletinsesi.info-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Mazımçay” gömrük postunda Gürcüstandan idarə etdiyi “Ford Tranzit” markalı minik avtomobili ilə gələn bu ölkənin vətəndaşı saxlanılıb. 

Sorğu-sual zamanı vətəndaş üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsində silah-sursat və narkotik vasitənin olduğu müəyyən edilib. 

Belə ki, avtomobilin salonunda, sürücü oturacağının başı üzərindəki boşluqda iki ədəd sellofan torba aşkarlanıb. Həmin torbalarda isə 25 ədəd müxtəlif patronlar, 1 ədəd plastik silah dəstəyi, 1 ədəd durbin, eyni zamanda, içərisi narkotik vasitə - marixuana ilə doldurulmuş ov tüfənginin patronu və maqazinində 4 ədəd patron olan səs tapançası aşkar olunub. 

Bundan başqa, nəqliyyat vasitəsinin salonunun qapısının üst hissəsində marixuana bitkisinin kiçik budağı, sol qapısındakı rəfdə isə 1 büküm marixuana bitkisi aşkar edilib. 

Daha sonra kinoloji xidmət iti avtomobilin sürücüsünə reaksiya verdiyi üçün onun üzərində də şəxsi yoxlama aparılıb.  

Nəticədə, sürücünün idman gödəkçəsinin cibindən daha 1 büküm marixuana bitkisi aşkara çıxarılıb. Ümumilikdə aşkarlanan narkotik vasitə - marixuananın çəkisinin 10 qr olduğu müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.