Universitetlərin kafedra müdiri olan məmur və deputatlar

Universitetlərin kafedra müdiri olan məmur və deputatlar
14:04 08-11-2019 | icon 3136

Dövlət strukturlarında çalışan bir sıra yüksək çinli məmurlar, eləcə də bəzi deputatlar paralel olaraq elm və təhsil sahəsində də işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.
Onların buna necə vaxt çatdırdığı başqa yazının mövzusudur.

Modern.az-ın əməkdaşı universitetlərdə kafedra müdiri vəzufəsini tutan məmur və deputatların kimlər olduğunu araşdırmağa çalışıb.

Bakı Dövlət Universitetində (BDU) digər ali məktəblərə nisbətdə kafedra müdirləri olan məmur və ya deputat daha çoxdur.

Məlum olub ki, Bakı Dövlət Universitetində (BDU) daxili işlər naziri Ramil Usubov, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi yüksək postları tutan şəxslər pedaqoji fəaliyyət göstərirlər. Yəni onlar tədris prosesində iştirak edirlər. Eyni zamanda, universitetdə onlarla belə tanınmış şəxs, ali struktur rəhbərləri, akademiklər var.

Ramil Usubov Hüquq fakültəsinin Dövlət imtahan komissiyasının sədridir. Eyni səlahiyyəti Elmar Məmmədyarov Beynəlxalq münasibətlər ixtisasında, professor A.Paşazadə isə İlahiyyat fakültəsində icra edir.

Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova, Mərkəzi Seçki Komissiyasının sədri, professor Məzahir Pənahov və bir çoxları BDU-da kafedra müdiridirlər. Milli Məclisin 11 üzvü, AMEA-nın 20 həqiqi və müxbir üzvü BDU-nun  müəllimləridir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş nazirin müavini Yaqub Eyyubov İnşaat fakültəsində «Bünövrələr, özüllər və yeraltı qurğular» kafedrasının, Bakı şəhərinin keçmiş baş memarı Elbəy Qasımzadə Memarlıq fakültəsində «Memarlıq layihələndirilməsi və şəhərsalma» kafedrasının, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri İsmayıl Sadıqov Nəqliyyat fakültəsində «Materiallar müqaviməti» kafedrasının müdiridirlər.

Bundan başqa, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi — baş memar Akif Abdullayev Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Məclisin deputatı Hüseynbala Mirələmov “Neftin və qazın nəqli və saxlanması” kafedrasının müdiridir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçmiş maliyyə naziri Əvəz Ələkbərov “Maliyyə və maliyyə institutları”, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev “Beynəlxalq iqtisadi münasibətlər”, deputat Xanhüseyn Kazımlı “Qiymət və qiymətləndirmə” kafedrasının müdirləridir.

Azərbaycan Tibb Universitetində isə  Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov Tərbiyə işləri üzrə prorektor kimi fəaliyyət göstərir

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, onlarda vəzifə tutan iki deputat var: Sahibə Qafarova Beynəlxalq əlaqələr üzrə prorektordur, xanım deputat filologiya üzrə elmlər doktoru, professordur. Deputat Sevinc Fətəliyeva isə İngilis filologiyası kafedrasının müdiridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov: “Deputat Hüseynbala Mirələmov Neftin, qazın nəqli və saxlanılması kafedrasının müdirdir. Professor və texnika elmləri doktorudur”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova: “Eks-nazir Əli Abbasov Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müdiridir. Eks-maliyyə naziri, BMT-nin “Sülh səfiri” Əvəz Ələkbərov “Maliyyə və maliyyə inistutları” kafedrasının müdiridir. Onların heç biri hazırda məmur statusu daşımır”.

Bakı Ali Neft Məktəbi mətbuat xidmətinin əməkdaşı Zöhrab Süleyman: “Bizim ali məktəbdə məmur fəaliyyəti ilə məşğul olan və ya deputat mandatı daşıyan kafedra müdiri yoxdur”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva: “Baş nazirin birinci müavini Yaqub Eyyubov İnşaat fakültəsindəki  Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular kafedrasının müdiridir”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallı: “Kafedra müdirlərindən heç biri məmur və ya deputat kimi fəaliyyət göstərmir”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Qəzənfər Həmidoğlu: “Deputat Rüfət Quliyev İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professordur”.

Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli: “Bizim universitetdə kafedra müdirləri arasında ikinci bir işlə məğul olan şəxs yoxdur. Onlar yarımştat müəllim və kafedra müdiri kimi fəaliyyət göstərirlər”.