Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?

Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?
13:13 07-11-2019 | icon 12355

Bir müddət əvvəl Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqi nəzərdə tutulsa da, sonradan qeyri-müəyyən səbəblərdən məsələ gündəmdən çıxarıldı.

Müzakirələr zamanı bu sahədə meydana çıxan problemlərin həllinə ümdilər artsa da, yenidən əvvəlki nöqtədə qərarlaşdıq. Yenə israfçılıq, yenə yerpulu dərdi, yenə el qınağı...

Hamıya yaxşı bəllidir ki, bu gün ölüsü düşən orta statistik azərbaycanlı yaxınını itirməyin acısını tam yaşaya bilməmiş, qəbiristanlıq yeri, yas məclisini hansı şəkildə təşkillə bağlı məsələlərə köklənir. Hamımızın səbəbimiz eynidir: “Eldən ayıbdır!”

“Eldən ayıbdır” deyə-deyə heç bir ödəniş etməməli olduğumuz halda, bir qəbir yeri üçün 4-5 min manat, hətta bəzən daha çox pul veririk. Amma kimə? Əgər rəsmi şəkildə belə ödəniş, vergi nəzərdə tutulmayıbsa, qəbir yerlərinin pulları kimin cibinə gedir?

 

“Bələdiyyələrin nəzarətində olan qəbiristanlıqlarda yerpulu söhbəti yoxdur”

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, yeni qəbristanlıqlar bələdiyyələrin nəzarətindədir:

“Köhnə qəbiristanlqılar əvvəllər müəyyən qurumlara tabe olub. Hansı ki, indi onların bəzi avadanlıqları  geri verilmir. Yeni qəbiristanlıqlar salındıqca, “Bələdiyyələrin statusu haqqında" qanununa əsasən, artıq onlara nəzarəti bələdiyyələr edir. Bir sözlə yas mərasimləri, qəbiristanlıqlara nəzarət bələdiyyələrdədir”.

 

Deputat qəbir yerlərinin satılması məsələsinə də münasibət bildirib:


“Qəbir xərcləri o qədər də çox olmamalıdır. Amma müəyyən xərcləri vətəndaş özü ödəməyə borcludur. Qəbir yerləri üçün nəinki bələdiyyələr, heç kim haqq almamalıdır”.

 

“Heç kim özbaşına iş görmür”

 

T.Rzayevə ölünün dəfni üçün 3-4 min manat, hətta daha çox vəsait ödəyənlərin olduğunu xatırlatdıqda, o, bu halların əvvəllər mövcud olduğunu deyib:

“Bu işlər ayrı-ayrı işbazlar tərəfindən həyata keçirilirdi. Ancaq bələdiyyələrə verilən qəbiristanlıqlarda qəbir yerləri üçün ödəniş yoxdur. Müəyyən xərclər ki var, məsələn qəbiristanlığın abadlaşdırılması, daş məsələsi və s. bu da cüzi məbləğdir”.

Deputatın diqqətinə qəbir yeri üçün vəsait ödəyən ölü yiyəsinin başdaşını bələdiyyədən tələb etməyi ağlından keçirmədiyini çatdıranda isə həmsöhbətimiz məsələyə belə münasibət bildirib: 

“Biz də bunun şahidi olmuşuq. Ayrı-ayrı qurumların adından istifadə edən işbazlar vətəndaşlardan pul tələb edirdi. Hətta şəhərin mərkəzində 10-15 min manata başa gələn qəbir yerləri var idi, yəni çox pul istəyirdilər. Vaxtilə o yerlər kimlərsə tərəfindən zəbt olunmuşdu. Sonradan məlum olur ki, o yerlər qeyri-qanuni olaraq hasara alınıb. Harada ki, qəbiristanlıqlar bələdiyyələrin nəzarətindədir, bu hallar aradan qaldırılıb.

Əvvəllər kimisi bələdiyyələrin adından, kimisi icra orqanlarının adından, kimisi hansısa şirkətin ərazisi olması adından istifadə edirdi. Sözsüz ki, heç kim özbaşına hərəkət etmir. Müəyyən adamlar həmin işbazlar vasitəsilə qəbir yerlərini satmaqla məşğul olurdular.

Məzar daşlarını hazırlamaq, ad yazmaq, hasar çəkmək üçün ayrıca sexlər açmışdılar. Sözsüz ki, bu adi adam tərəfindən icra oluna bilməzdi. Kimsə, yaxud kimlərsə, hansısa qurumlar buna şərait yaradırdı. İşbazlar da bundan istifadə edirdilər”.

 

İcra strukturları və işbazların əlbirliyi

 

Parlamentari hansısa qurum deyəndə ağla gələn Bakı Şəhər İcra Hakimiyyətidir. Elə o da bunu nəzərdə tutduğunu dilə gətirib:

 

“Əlbəttə, Bakı Şəhər İcra Hakimiyyəti və müəyyən strukturlarda bu hallar var idi. Sovet dövründən qalma adamlar orda qaldıqca, işlər elə də gedirdi. Sonradan dəyişikliklər getdikcə, bu problem də aradan qalxdı. Təkcə Bakı Şəhər İcra Hakimiyyəti deyildi, ayrı-ayrı qurumlar səlahiyyəti olmasa da, gəlib o işləri həyata keçirirdilər. Söhbət indidən getmir”.

 

İstəyirsən qızıldan başdaşı qoy...

 

Azərbaycanda vahid qəbiristanlıq qaydalarının tətbiqilə bağlı məsələyə gəldikdə, deputat bunun vacibliyini diqqətə çatdırıb, amma əksər məsələlərin vətəndaşlardan asılı olduğunu vurğulayıb:

“Çox yaxşı olardı ki, bu məsələ öz həllini tapsın. Hətta parlamentdə də deputat Siyavuş Novruzov bu məsələni qaldırmışdı. Dəfələrlə bu barədə çıxışlar etdi. Bilirsiniz, cəmiyyətin özünün buna istəyi olmalıdır. Bu elə bir məsələdir ki, məcburiyyət tətbiq etmək olmur. Yas mərasimlərində israfçılığın, uzunmüddətli mərasimlərinin aradan qaldırılması tövsiyə olundu. Məsləhət oldu ki, yas mərasimlərində 3-7 bir verilsin. Bir çox rayonlarda buna riayət edilməyə başladı. Amma son zamanlar yenə də israfçılıq, ölünün 40 mərasiminə kimi məclis verilməsi ənənəsi tətbiq olunmağa başlayıb. Mən rayondan dünən qayıtmışam. Bir neçə yas mərasimində iştirak etdim. Təəssüflər olsun ki, yenə də köhnə variant tətbiq olunur. İnsanlar deyir ki, “yas mənimdir, özüm necə istəyirəm elə edirəm. Atam-ana mənimdir, 3 mərasimi də verəcəm, 7 mərasimi də”. Doğrudur, Bakıda 3-7 mərasimləri bir verilir. Çünki həm mərasim üçün yer yoxdur, həm də insanların vaxtı yoxdur.

Elə qəbiristanlıqlarla bağlı məsələ qalxanda yerlərdən xəbərlər gəldi ki, “mən atama bahalı başdaşı qoymaq istəyirəm, niyə bunu qanunla məhdudlaşdırısız, mən yas saxlayıram”, “siz dini etiqad azadlığını pozursunuz” və s. Baxın belə fikirlərə görə hər şey qalır. Dövlət həssas dövlətdir, bizə kənardan qamçı vuranlar çoxdur. Elə daxildə xırda bir şey axtaranlar var. Ona görə də camaat özü düşünməlidir ki, israfçılıq, bu qədər ağlamaq heç kimə xeyir vermir. Allah dünyadan köçənlərimizin hamısına rəhmət eləsin, o dünyasını versin. Lazımdır ki, sağlığından insanlara qayğı göstərək, dəyər verək. Öləndən sonra nə qədər ağlasan da ona hansısa təsiri yoxdur. İstəyirsən qızıldan başdaşı qoy, torpaq altında ona nə faydası. Düşüncələrdə dəyişiklik etməliyik ki, qabağa gedə bilək”.

 

“Yasa gələn kişilər söhbət edir, qadınlar da ağlamaqdan həlak olurlar”

 

T.Rzayevin sözlərinə görə, insanların dünyagörüşlərində, düşüncələrində düzəliş edilməlidir, bunları qanunla düzəltmək olmur:

“Mən özüm də bir vətəndaş kimi əziyyət çəkirəm. İnanın ki, neçə gündür rayonda idim, 7 yas mərasimində oldum. 15 gün idi rayona getmirdim. Gedəndə də ancaq görüşlər və yaslarda oldum. Getməyəndə də inciyirlər. 7 gün yas verirlər. Hər gün yüzlərlə adam gəlir-gedir. Deyəndə ki, belə etməyin, deyirlər “eləməsək bizi qınayarlar”. Yasa gələn kişilər söhbət edir, ölkə gündəmini müzakirə edirlər, qadınlar da bir ağıçı gətirib ağlaşırlar. İnanın yasa gələn qadınlara ürəyim ağrıyır mənim. Kiminin təzyiqi qalxır, kiminin ürəyi gedir, kimi ağlayıb özünü haldan salır. Olmaz, insanlara belə əziyyət vermək olmaz. İnsanlar haldan hala düşür. 40 çıxana qədər nə qədər qəbir üstünə getmək olar, nə qədər yaş torpağın üstündə oturub ağlamaq olar... 40 gün adamlar əsir-yesir olur. Hər cümə günü qəbir üstünə gedib ağlaşmaq, sonra evə gələn adamlara ehsan vermək. Neçə dəfələrlə deyilir, amma riayət edən yoxdur. Ziyalılar, rəsmilər danışır, mətbuat yazır, amma adamların düşüncəsi dəyişmir ki, dəyişmir”.(Modern.az)