Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEO

Böyük övlad qəbiristanlıqda yatır, kiçik isə soyuq döşəmədə uzanır: Ağdaşda dəhşətli hadisə - FOTO/VİDEO
15:42 04-11-2019 | icon 89

Mənə qadın müraciət edərək bildirib ki, rayonun Məşyad kəndində 15 yaşlı Polad və bir yaşlı Adəm dözülməz şəraitdə yaşayır. Kəndə gedib dəhşətə gəldim, uşaqların anası evdə yox idi, ancaq atasını tapa bildim. O isə uşaqlara laqeyd davranırdı.

Bununla bağlı Media.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquqşünas Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, kişi Poladın ögey, balaca Adəmin isə bioloji atasıdır.

“Onları görəndən bəri özümə gələ bilmirəm. Orada vəziyyət eynilə Somalidə olduğu kimi idi. Evdə qaz yoxdur, qaldıqları yer antisanitar şəraitdədir, həyətdə tonqal qalayıb makaron bişirirlər. Qoxu, kir, hər yerdə milçəklər uçur...”, - K.Ağazadə deyib. 

O bildirib ki, Polad xəstədir, başında infeksiyadan yaralar var:

“Bunun nə infeksiya olduğu bilmirəm. Bəlkə, herpes ya da göbələk xəstəliyidir”.

Hüquq müdafiəçisi qeyd edib ki, bu ailə əvvəllər Bərdə rayonunda yaşayıb, sonra bura köçüblər:

“Ögey atası Poladı gündəlik yeddi manata heyvan otarmağa məcbur edib. Buna görə də Polad üçüncü sinifdən sonra məktəbə getməyib. O, təhsilini davam etdirmək istəsə də, atasının təhdidlərinə görə bunu edə bilmir. Atasının ona mütəmadi olaraq təzyiq etməsindən bezib, bu səbəbdən tez-tez evdən qaçaraq qəbiristanlıqda gizlənir. Uşaq belə yaşamalıdırmı?”

Qonşuların sözlərinə görə, Poladın bioloji atası yaxşı insan olub, Gəncəyə köçərkən oğlunu da aparmaq istəsə də, anası buna qarşı çıxıb. İndi atası barədə dəqiq məlumat olmasa da, ağır xəstə olduğu məlumdur.

“Azərbaycanda doqquzuncu sinfə kimi təhsil icbaridir. Amma heç kim maraqlanmır ki, Polad niyə məktəbə getmir. Anası Poladı müalicə etdirməyə çalışsa da, regional xəstəxanalar bundan imtina ediblər. Onlar rayon icra hakimiyyəti rəhbərliyi ilə görüşmək istəsələr də, onları heç qapıya yaxın buraxmayıblar”, - K.Ağazadə əlavə edib.

K.Ağazadə bildirib ki, həmin ailənin yaşadığı daxmaya girərkən uşağın yerdə süründüyünü görüb:

“Qazın olmamasına görə ev çox soyuq idi. Uşaq titrəyirdi, soyuqdan göyərmişdi. Ac olduğu, zəif qidalandığı üçün milçəklər onun üzərində gəzəndə belə reaksiya verə bilmirdi. Bu cür valideynləri valideyn hüququndan məhrum etmək lazımdır.Uşaqlara yalnız qonşular yemək verir. Anaları isə onlara baxmır. Bu uşaqlara tibbi yardım göstərilməlidir”.