Prezident İlham Əliyev: Bəzi icra başçıları talançılıqla məşğul idi, artıq onlar cəzalandırılıb

Prezident İlham Əliyev: Bəzi icra başçıları talançılıqla məşğul idi, artıq onlar cəzalandırılıb
16:42 31-10-2019 | icon 17319

Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıbdır.
milletinsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən dilə gətirib.
 
“Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə, talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın.
 
Mən demək istəyirəm ki, bu ödənişli iş yerlərinin böyük əksəriyyəti bizə lazım deyil. Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun.Yenə də demək istəyirəm ki, bu işlərdə artıq 40 minə yaxın vətəndaş işləyir və eyni zamanda, onların arasında bağbanlar, binaları təmir edənlər də var.
 
O da bizə lazımdır. Ona görə bu sahəyə çox ciddi diqqət göstərilməlidir və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar. Hər ikiniz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik."
 
Dövlət başçısı qeyd edib ki, bu, bu, kampaniya xarakteri almamalıdır: “Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.
Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. 
Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız, mən sizi işdən çıxaracağam və cəzalandıracağam. 
Gedin işə başlayın və bir daha deyirəm ki, Prezidentin və xalqın yüksək etimadını doğruldun.İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik.
Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. 
Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür.
Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir.Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır.
Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq.O cümlədən, mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam.
Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər.Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi?
Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim.İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir.

Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır."

Prezident bildirib ki, bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir:

“Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.

Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm.

Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər.

Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.

Prezident İlham Əliyev məktəbin vəziyyətindən hiddətləndiyini və Şamaxıdakı zəlzələdən sonra məktəbin niyə təmir edilmədiyini başa düşmədiyini söyləyib.

Dövlət başçısı İH-nin yeni rəhbərlərinə xalqın xeyirinə xidmət etmələri və yerli sakinlərin bu kimi problemlərlə qarşılaşmamaları üçün hər şeyi etmələri haqqında göstəriş verib.