Yüksələn inkişafın gözəl nümunəsi

Yüksələn inkişafın gözəl nümunəsi
19:54 18-10-2019 | icon 1173

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın böyük dəyər verdikləri və səfərləri ilə şərəfləndirdikləri İsmayıllı rayonu sosial-iqtisadi inkişafın magistral yoluna inamla çıxır.

Bu fikri sübuta yetirmək üçün bütün görülən işləri nəzərdən keçirmək yox, yalnız iki vacib istiqamətə diqqət yetirmək kifayət edər.

2019-cu il İsmayıllı rayonu üçün yol tikintisi və yaşayış məntəqələrinə qaz çəkilişi baxımından fərqli nəticələrlə yaddaqalan olub. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramına uyğun olaraq ölkə Prezidenti İlham Əliyev tərəfindən 8 kilometrlik Təzəkənd-Ağbulaq-Qoşakənd və 7 kilometrlik Quşencə-Zoğallıq avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə Sərəncam imzalanmışdı. Artıq hər iki istiqamətdə əsaslı işlər görülmüş və yollar istifadəyə verilmişdir.

Təzəkənd-Ağbulaq-Qoşakənd yoluna ikiqat olmaqla 48000 kvadrat metr asfalt-beton örtük qoyulmuş, 4 ədəd avtodayanacaq quraşdırılmışdır. Hər üç kəndin əhalisi Prezidentə həyatlarına rahatlıq gətirən asfalt yola görə hər an minnətdarlıqlarını bildirirlər. Sakinləri tam olaraq qaçqın və köçkünlərdən ibarət olan Qoşakəndin minnətdarlığı isə hədsizdir. Onların su, torpaq, məktəb, yaşayış evi problemləri Dövlət və Prezident qayğısının nəticəsi olaraq ardıcıl həll olunub. Qalırdı yol, o da bu il çəkildi. İnsanlar istəklərinin reallığa çevrilməsindən məmnundurlar. Təzəkənddə, Ağbulaqda, Qoşakənddə kiminlə söhbət etdiksə, ondan ölkə rəhbərinin, dövlətin, layihəni həyata keçirənlərin ünvanına minnətdarlıq və təşəkkür bildirən sözlər eşitdik. Elə bu əhval-ruhiyyənin təsiri altında eyni inzibati ərazi dairəsinə daxil olan Quşencə və Zoğallıq kəndlərinə gəldik. Öyrəndik ki, yeni yeddi kilometrlik yola 42000 kvadratmetr asfalt-beton örtük qoyulub, üç avtodayanacaq tikilib. Quşencə sakinlərinin sevincini və dövlət başçısının ünvanını minnətdarlıqlarını ancaq oraya getməklə, insanlarla həmsöhbət olmaqla dərindən duymaq olar.

Keçən il Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan asfalt yolu çəkilmişdi. Bilistan kəndinin yolu isə layihədən kənarda qalmışdı. Bu da müvəqqəti idi. Ucqar Bilistan kəndinin sakinləri də artıq asfalt yoldan can rahatlığı ilə istifadə edirlər.

Aprel zəfər döyüşlərində Maçaxı kəndinin sakini şəhid olmuşdu. Rayon icra hakimiyyəti rəhbərliyinin xahişi ilə “Azəravtoyol” Dövlət Agentliyi şəhidin xatirəsini əziz tutaraq Tircan-Sərdahar yolunun Maçaxı kəndinədək olan 5 kilometrlik hissəsini yenidən qurur. Bu yola qalınlığı 8 sm olmaqla 29250 kvadratmetr asfalt-beton örtük döşənib, həmin yolda son tamamlama işləri görülür. Onu da qeyd edim ki, İsmayıllı şəhərində küçələrin asfaltlanması və kəndarası yolların çəkilməsində yalnız mərkəzi maliyyələşdirməyə əsaslanılmır, eyni zamanda yerli imkanlar və resurslar da üzə çıxarılır, məqsədə yönəldilir, investisiya cəlbi üçün yollar axtarılır.

İsmayıllının sürətli inkişafının əsas istiqamətlərindən biri kimi kəndlərə qaz xətlərinin çəkilməsi götürülür.

1989-cu ildə tarixi düşmənlərimizin öz doğma torpaqlarından zorla çıxardığı Göyçəli soydaşlarımızın bir qrupu rayonun Qalagah, Soltankəd və Uştal kəndlərində məskunlaşıb. Dövlətimizin qayğısı və diqqəti sayəsində onların bir çox problemi öz uğurlu həllini tapıb. Lakin hər üç kəndin əhalisi qaz yanacağına çox ehtiyaclı idi. Qədim Basqalla yaxın qonşuluqda olan Zeyvə kəndində də vəziyyət belə idi. Təbiidir ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyevin xalq maraqlarına xidmət edən sosial siyasəti bu kəndlərin də problemlərinə vaxtında çarə oldu. Çox qısa zamanda Qalagahda

208, Zeyvədə 109, Soltankənddə 106 və Uştal kəndində 91 evə qaz çəkildi. Hər bir ev fərdi tənzimləyici və sayğacla təmin olunub. Qaz çəkilişinə bu ilin aprel-may aylarında başlanıb və bu günlərdə başa çatıb. Ümumilikdə daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün 14182 metr polietilen, 38372 metr polad borudan istifadə olunub, bu günlərdə Qalagah kəndində qaz çəkişinin təntənəli açılışı olub. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinləri təbrik ediblər. Hər evdə mavi alov şölələndikcə minnətdarlıq hissləri də davam edir, insanların dövlətə sədaqəti daha da artır, vətəndaş olaraq hər kəsin məsuliyyət hissi güclənir və cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılacaq Böyük Qələbəyə inamı sarsılmaz xarakter alır. Görülən işlərlə, həyata keçirilən sosial infrastruktur layihələri ilə, tikilənlər, qurulanlar və istifadəyə verilən yeni-yeni istehsal müəssisələri ilə tanış olduqca bir daha yəqin edirsən ki, İsmayıllıda inkişaf yolu yüksəliş magistralına çevrilir.

Valeh Salehov,

İsmayıll

qaz1qaz2qaz3